Rusiyanın ən böyük haker qrupu olan Killnet Türkiyənin "Baykar" şirkətinə təhdid mesajı yayıb.
Hafta.az-ın yazdığına görə, Rusiya Ukraynanı işğal etməyə başlayandan sonra Kiyevi dəstəkləyən ABŞ, Norveç, Rumıniya, Litva, İtaliya, Çexiya, Latviya kimi ölkələrə hücumları ilə ad çıxaran Kreml dəstəkli haker qrupu Killnet Telegram kanalı vasitəsilə, Rusiya ordusuna böyük itkilər verdirən "Bayraktar" SİHA-nı istehsal edən "Baykar" şirkəti və iş adamı Bayraktar ailəsini təhdid edib.
Türkiyəni də təhdid edən haker qrupu daha əvvəl ABŞ-ın müdafiə nəhəngi "Lockheed Martin" şirkətinə DDoS hücumu həyata keçirdiyini iddia etmişdi.
Qeyd edək ki, BBC Rusiya xidmətinə müsahibə verən "Baykar"ın baş direktoru Haluk Bayraktar "Moskva sizə böyük pul təklif etsə, "Bayraktar"ı onlara satardınız" sualına "Bizim işimizin əsasını heç vaxt pul və maddi şeylər təşkil etməyib. Moskva bizə nə qədər pul təklif etsə də, onlara satmayacağıq" deyə cavab vermişdi. Kremlin dəstəklədiyi Killnet haker qrupunun təhdid mesajı bu açıqlamalardan sonra gəlib.
Daha əvvəl Rusiya Federasiya Şurası Beynəlxalq Əlaqələr Komitəsinin üzvü olan Sergey Tsekov “Baykar Teknoloji”nin Ukraynada İHA istehsalı üçün quracağı fabrikin qanuni hədəf olacağını açıqlayıb.